Mikayıl Cabbarov/ Foto: APA holding

Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ► Ona Azərbaycanın “Mişa”sı deyirlər. Reformist kimi asossasiya edilən Mikayıl Cabbarovdan indi də vergi sistemində köklü islahatlar həyata keçirəcəyi gözlənilir.

Buna qədərsə təhsil naziri postunda işlədiyi 4 ildə yalnız kosmetik dəyişikliklərlə yadda qala bildi.

Ölkənin təhsil sektorunda Misir Mərdanovdan qalan idarəçilik metodlarının, sistemin mobilizə edilməsində hər hansı novatorluq müşahidə olunmadı.

AzEuroNews.com-un məlumatına görə, artıq M.Cabbarov  Vergilər Nazirliyinin kollektivinə təqdim edilib. Naziri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

İqtisadçı Qubad İbadoğlu hələ 1 sutkadan da azdır ki, vergilər naziri postuna əyləşən M.Cabbarovla bağlı belə bir proqnozla çıxış edib:

“Bu təyinatı Baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi dəyərləndirmək olar”.

Eks-nazir isə “Bizimyol.info”a deyib ki, səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur: “Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.

İndi vergi sektorundan xəbərdar olanları bir məsələ düşündürür – Mikayıl Cabbarovu yeni postunda nə gözləyir?

Bu mövzuda azpolitika.info yazıb ki, nazirliyin xüsusilə orta və aşağı ranqlı məmur kontingentində ciddi kadr problemi yaranıb.

Savadlı və təcrübəli işçilərin çox əhəmiyyətli bir qismi, xüsusilə də pensiya qanununa edilən son mürtəce dəyişikliklərdən sonra, işdən öz ərizələrilə azad ediliblər.

Onlara yüksək məbləğdə pensiya alıb, uzun illər vergidən yığdıqları “paketlər” hesabına yiyələndikləri obyektlərin gəlirləri kifayət edir.

Son dövrlər “paketlərin” azaldılması və bəzi vergi strukturlarında ləğv edilməsi sanballı vergi mütəxəssislərini bu nazirlikdən uzaqlaşdırıb. Onların yerinə gələn gənc kadrların isə ciddi savad və səriştə problemi var.

İkincisi struktur problemidir. Son illər F.Məmmədov tərəfindən aparılan mənasız və qarışıq struktur dəyişiklikləri vergi işçilərini də çaş-baş salıb, sahibkarları da. Vəziyyət o yerə çatıb ki, nazirin 14 (!) nəfər müşaviri var.

Heç ərəb şeyxlərinin bu sayda köməkçi və müşavirləri olmur. Digər problem nazirliyin xüsusilə yuxarı eşalonlarındakı qruplaşmalardır.

Burada hərə siyasi hakimiyyətdəki bir nüfuzlu şəxsin kadrıdır. Və onların əsas vəzifəsi də həmin şəxslərin bizneslərini praktiki olaraq, himayə etməkdir.

Bəs, hörmətli M.Cabbarov bütün bu problemlərin öhdəsindən gəlib, vergi orqanına aid “akula” obrazını dəyişərək, onu normal, sivil bir qurum halına gətirməyə nail olacaqmı???