Adətən yay fəsli həşəratların aktiv olduğu vaxtdır. Qışın girməsinə bir neçə gün qalsa da,  ağcaqanaddan şikayət edən vətəndaşlar var.

Ağcaqanadların çoxu insana hücum etmir. Onların yalnız dişiləri insanların qanını soraraq yaşayır. Dişilər də insanların qanını öz yumurtalarını çıxarmaq, zülalla təmin edə bilmək məqsədiylə sorarlar. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilsə də, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları var.

Bu həşəratlar qış aylarında olmur, çünki may ayının əvvəlindən etibarən ağcaqanadların inkişaf dövrü başlayır, yəni yumurta qoymağa başlayırlar. Onlarda əsas artım iyun, iyul, avqust, sentyabr aylarında olur.

Dekabrda ağcaqanadlar niyə aktivdir?

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a danışıb:

“Ümumiyyətlə ağcaqanadın çox yayılması üçün əlverişli şərait birinci yüksək rütubət, ikinci isə temperaturdur.

Hazırda bunun ikisi də mövcuddur.  Digər tərəfdən havalar elə də soyuq keçmir. Külək əsdiyi üçün  soyuq effekti yaranır.

Sizə deyim ki, külək əsəndə buxarlanma artır, bu, bədən temperaturuna təsir edir  və ona görə də havalar bizə soyuq gəlir. Küləkli havada hər metr saniyədə temperatur təxminən bir dərəcə aşağı düşür. Tutaq ki, buranın  küləkli havada 10 dərəcə müsbət temperaturu, Rusiyada 0 dərəcəyə bərabərdir.

Yəni hazırda hava durumu ilə bağlı anomal vəziyyət müşahidə edilir.

Həmçinin ağcaqanadlar su olan zirzəmilərdə, gölməçələrin yarandığı yerlərdə  olur. Kənd yerlərində mal-qaranın olduğu, məişət tullantılarının axıdıldığı yerlərdə də ağcaqanadlara rast gəlmək mümkündür. Orada üzvü maddələr mövcuddur, o cümlədən rütubət və temperatur bir qədər yüksək olur. Bu da ağcaqanadların yayılması üçün əlverişli şəraitdir”.

E.Yusifov qeyd edib ki, ağcaqanadların bu aylarda görünməsi yaxşı hal deyil:

“Bilirsiniz ki, ağcaqanadlar-qansoran həşəratlar təhlükəli xəstəliklərin daşıyıcılarıdır. Xüsusilə malyariya və digər bu kimi xəstəliklərin yayılmasına səbəb olurlar.

Ağcaqanadlar bir canlıdan qan soranda onda olan bütün xəstəlikləri digər canlıya köçürürlər. Bu da ciddi problemlər yarada bilər. Ağcaqanadlardan qurtulmaq xüsusi sanitariya xidmətləri var və onlar bunu nəzarətdə saxlayırlar.

Qışın isti keçməsi və bataqlıq yaranması dekabr ayında da ağcaqanadların görünməsinə səbəb olan amillərdir. Harada əlverişli mühit varsa, canlı mütləq orada yaranacaq. Külək ağcaqanadın yumurtalarını hər yerə sovurur.

Amma yumurtalar  quru yerə düşəndə orada bala verə bilmir. Lakin qeyd etdiyim kimi su olan yerlərdə ağcaqanadın olması normaldır. Bu baxımdan əvvəllər-sovet dövründə bataqlıqları qurudurdular. Həmin zamanlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılırdı ki, hər hansı təhlükə olmasın”.