Yunis Cəfərov/AzEuroNews.com/ Bakı ► ► ► Bakının Nizami rayonunda üzr istəyə-istəyə ağacları “qanına qəltan” edib qırırlar. AzEuroNews.com-un məlumatına görə, indi də metronun “Neftçilər” stansiyasının çıxışında ərazi hasarlanıb.

► “Neftçilər”metrosunun 4 çıxışında qırhaqır

Mühasirəyə alınmış yerdə “Müvəqqəti üzr istəyirik” xəbərdarlığı yazılaraq yolun tən ortasında yaşıllıqları doğrayıb tikintiyə başlayıblar.

Nizami rayonunda elə gün olmur ki, ağac kəsməsinlər, qarış-qarış səkiləri, yolları satmasınlar.

Şəhərin heç bir rayonunda belə vəhşilik, silsilə ağac qətliamları, torpaq satışı, səkilərin ticarət obyektlərinə peşkəş olunması kütləvi hal almayıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov

Arif Qasımovun isə Siyəzəndən Nizami rayonu icra başçısı postuna gəlməsindən sonra Bakının bu ərazilərində meşəliklər keçəlləşib, piyadaların bütün yolları qapadılıb, “Neftçilər”metrosunun 4 çıxışında bir yer saxlamayıblar.

Dəhşətlisi odur ki, A.Qasımov bu şəraiti böyük həvəslə yaradıb və sanki Nizami rayonuna təyinat alarkən ürəyində ən böyük arzusu yaşıllıqları məhv etmək, satılmayan bir yer saxlamamaqdır.

Qara Qarayev prospektində yaşıllıqlara “divan tutulması”, ticarət mağazalarının sayının artması bundan qabaq da müşahidə olunurdu. Amma A.Qasımovun gəlişi ilə Nizami rayonunda hər gün “toy-bayram”dır.

► Ağac qatillərinə “dur” deyən yoxdursa…

Sakinlər deyirlər ki, icra başçısı Nizami rayonundan heyf çıxır. Onun bu işlərinin baş personajı isə Ramin Babayev adlı sahibkardır.

Faktiki olaraq, Nizami rayonu ağac genosidində Xətai, Binəqədi, əksər regionları qabaqlayıb.

Hazırda Q.Qarayev prospektində “müvəqqəti üzr istəyirik” yaza-yaza salamat yer qoymayıblar.

Belə görünür ki, icra başçısının imkanı olsa metronun içini də satışa çıxarar. Lakin tələsmək olmaz, buna qədər Nizami rayonunda qırmağa hələ də yaşıllıqlar, meşə zolaqları qalıb.

“Neftçilər” metrosundan Bakıxanov qəsəbəsinə gedən yolda, Q.Qarayev prospektinin az-maz qalan yerlərində obyekt tikməyə hələ də yerlər var.

Amma bu dəhşətli qanunsuzluqların qarşısını alan yoxdur. Nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami RİH-nin yaşıllıqların kəsilib yerində dükanlar tikilməsinə bata bilir, nə Bakı Şəhər İcra Hakimiyyətindən reaksiyalar var.

Söhbət ondan gedir ki, faktlar göz deşir və bu ərazidən keçənlər də şahiddirlər ki, səkiləri satıb geyim mağazaları tikiblər, ağacları “qətlə” yetirib baha qiymətə satıblar.

Sakinlər deyirlər ki, A.Qasımova və ağackəsənlərə “dur” deyən tapılmır. Bu gedişlə Nizami Qobu qəsəbəsi kimi bir yerə çevriləcək.

Prezident İlham Əliyev və ailə üzvləri ağac əkərkən
Prezident İlham Əliyev və ailə üzvləri ağac əkərkən

Sakinlər prezident məsələyə qol qoymasa, rayonun tamamilə yaşıllıqsız qalacağına əmindirlər.

Metronun ətrafındakı mağazaların əksəriyyətinin Ramin Babayev adlı iş adamına məxsus olduğunu bildirən sakinlərin sözlərinə görə, sözügedən şəxs icra başçısına çox yaxındır.

R.Babayev metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “Romantik” geyim mağazalarının sahibidir.

İcra başçısının himayəsi altında yaşıllıqlara qənim kəsilən R.Babayev bir gecənin içərisində sözügedən ticarət obyektlərinin yaxınlığındakı ağacları dibindən kəsdirib.

Bir müddət əvvəl Qara Qarayev prospektində – “8-ci kilometr bazarı”nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb.

Hüquqşünas Aslan İsmayılov da bu ərazilərdə “yaşıl soyqırımı”ndan video görüntülər sosial şəbəkələrdə paylaşmışdı.

Amma bu hadisələrdən xəbəri olmadığını iddia edən Nizami RİH, ETSN və digər dövlət orqanları nəinki tüklərini tərpətmədilər, əksinə göründüyü kimi qarış-qarış hər yeri satmaq və ağac kəsmək prosesi geniş vüsət almaqdadır. Buna baxmayaraq, bütün adıçəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.