“VİP Escort MMC”nin rəhbəri: Gömrük rüsumlarının artması xəbəri avtomobil dəllallarını ciddi şəkildə hərəkətə keçirib


“Gömrük rüsumlarının artması xəbəri avtomobil dəllallarını ciddi şəkildə hərəkətə keçirib. Artıq Avropadan Azərbaycana doğru gələrkən İtaliyadan Yunanıstana keçmək üçün məcburən istifadə olunan “Ferry-Boat” (Gəmiyə-Paroma) bilet tapılmır”.

"VİP Escort MMC"nin rəhbəri Rəşad Quliyev
“VİP Escort MMC”nin rəhbəri Rəşad Quliyev

Bunu AzEuroNews.com-a açıqlamasında “VİP Escort MMC”nin rəhbəri Rəşad Quliyev deyib. Onun sözlərinə görə, kassa önündə növbə olduğu üçün həmyerlilərimiz başqa istiqamətə yön alırlar: “Məqsəd ayın sonuna kimi ölkəyə daxil olub avtomobilləri gömrükdən keçirməkdir. Bununla yanaşı “Qırmızı Körpü” sərhəd keçid məntəqəsində və Dövlət Gömrük Komitəsinin “Avtonəqliyyat Terminalı”nda bir qədər sıxlıq müşahidə olunur. Yeni qanun hələ qüvvəyə minməmiş artıq bazarda da vəziyyət dəyişmək üzrədir. Hələ indidən qiymətlərdə 10-15% süni qiymət artımı var”.

R.Quliyevin sözlərinə görə, yanvarın 1-dən qüvvəyə minəcək yeni qanuna əsasən istehsal ili bir ildən çox olan avtomobillər üçün mühərrikin hər bir kubuna 1.20$, istehsal ili bir ildən az olan avtomobillər üçün isə, 0.70$ gömrük idxal rüsumu nəzərdə tutulub. Bu isə köhnə (indi qüvvədə olan) rəqəmlərə nisbətən 70% artım deməkdir.