Rusiya prezidenti Vladimir Putin prezidentlik yarışında əsas rəqibi sayılan Aleksey Navalnını seçkilərdən kənarlaşdırdı. Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetində dərc olunan məqalədə deyilir.

“Korrupsiyaya qarşı çıxış edən Aleksey Navalnı özünü prezident seçkilərində namizəd kimi qeydə alınması üçün sənədlərini vermişdi. Ötən gün Mərkəzi Seçki Komissiyası öz qərarını elan edərək siyasətçini seçkilərə buraxmayıb. Rəsmi versiyaya görə bu onun məhkumluğu ilə bağlıdır. Navalnı tərəfdarları ilə görüşdə qalib gələcəyini və bütün Rusiyanın namizədi olacağını bildirmişdi”.

Aleksey Navalnı seçkilərə buraxılmamasını şərh edərkən komissiyanın ona qarşı deyil, onun üçün səs toplayan 16 min seçicinin, həmçinin seçkilərdə ona səs verəcək milyonlarla vətəndaşın hüququnun pozulduğunu demişdi. MSK sədri Ella Pamfilovanın qərarından sonra Navalnı prezident seçkilərini boykot etməyə çağırış edib. Amma Kreml mitinqlərdən qorxmadığı kimi, seçkilərin boykot edilməsi onlar üçün baş ağrısı ola bilər. Belə ki, rəy sorğuları 70%-dən artıq seçicinin Putinə səs vermək niyyətində olduğunu lakin onların seçkilərdə iştirak etmək istəmədiklərini göstərir. Beləliklə, Navalnı seçkiləri boykot etməklə bağlı kampaniya aparmaqla, Putinin legitimliyini şübhə altına salmaq istəyəcək.