Nazim Əsgərov
Nazim Əsgərov

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada  daha bir azərbaycanlı ailə deport olunub. AzEuroNews.comun məlumatına görə, Nazim Əsgərov adlı azərbaycanlı ailəsi ilə birlikdə 2016-cı ilin ilk aylarında Almaniya Federativ Respublikasına gedərək sığınacaq istəyib.

N.Əsgərov sığınacaq almaq üçün sorğu-sual olunub. Həyat yoldaşı isə hamilə olduğuna görə dindirilməyib. O, hüquqlarını müdafiə etmək üçün 200 avro ödəniş etməklə vəkillə müqavilə də bağlayıb.

N.Əsgərov ailəsi ilə birlikdə bu ölkədə sərbəst yaşayıb, dövlətin qaçqınlara ayırdığı imtiyazlardan bəhrələnib, alman dilini öyrənməyə, işləməyə çalışıb. Uşaqları da məktəbə gedirmiş. Üçüncü uşağı Almaniyada doğulsa da, uşaqlarından biri burda dünyasını dəyişib və Duisburq şəhərində dəfn edilib.

26.12.2017-ci il tarixində gecə saat 04.00 radələrində polis əməkdaşları N.Əsgərovun yaşadığı evə gələrək ailəsi ilə birlikdə onları polis idarəsinə aparıb. Daha sonra Almaniya Federativ Respublikasından Dublin sazişinə əsasən Litva dövlətinə göndəriliblər.  Deportasiya olunacağı barədə ona nə şifahi, nə də ki, yazılı məlumat verilib. Litva dövləti  də N.Əsgərova sığınacaq verməkdən imtina dib.  Onu daha sonra Azərbaycanın Litvadakı səfirliyinə aparıblar və Azərbaycana deportasiya edilməsi üçün sənədlərini tərtib ediblər.

N.Əsgərovun vəkili isə, onunla heç bir müqavilə bağlamadığını və pul verilmədiyini iddia edib. Lakin vəkillə sonra əlaqə saxlamaq mümkün olmayıb.

Yekunda Əsgərovlar ailəsi həm maddi, həm mənəvi və psixoloji gərginlik içində Azərbaycana deport olunublar.