Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ► İbrahim Mehdiyev Yasamalın icra başçısı olduğu dövrdə daşı daş üstə qoymamışdı. Onun metronun “20 Yanvar” stansiyasına gedən yolun sağındakı şam ağaclarını məhv edib obyektlərə satması xüsusi qeyd olunmalıdır.

Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev
Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev

► İbrahim Mehdiyevdən sonra

AzEuroNews.com olaraq öyrənmişik ki, İ.Mehdiyevdən sonra Yasamal rayonuna icra hakimi təyin olunmasa da, metroya gedən səkinin, eləcə də yaşıllığın qarış-qarış satılması davam edir.

Hazırda Yasamal icra hakiminin müavini Səməd İslamov başçının səlahiyyətlərini icra etsə də, yaşıllıqların qırılıb peşkəş olunması səngiməyib.

“20 Yanvar” metrosunun “Azərsu” ASC ilə üzbəüz istiqamətində səki qalmayıb. Köşklər, mağazalar, kafelər…

Hətta Yasamal rəhbərliyinin imkanı olsaydı, qarşı səkini də satışa çıxarardı. Sadəcə, “Azərsu” ASC-nin binasının qarşısıdır və səkini satmaq qeyri-mümkündür.

Vaxtilə Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qabağı seyrəklik idi, piyadalar rahat hərəkət edirdilər, bir cərgə irəlidə isə yayın istisində şam ağaclarının altında kölgələnib avtobus gözləmək olardı.

Yaxınlıqdakı taksi şoferləri deyirıər ki, Yasamal rayon icra başçısı səkini də, şam ağaclarını da ticarətçilərə paylayıb, pullarını qazanıb, aradan çıxıb. İndi də bu estafeti S.İslamov davam etdirir və daha bir yer hasarlanıb tikintisi başlanıb.

► Bu küçələrdə yaşıl genosid

Qeyd edək ki, ötən il prezidentin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılmışdı.

Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı.

Təbii ki, həmin ağacları kəsilməsinə və ərazidə tikintiyə də İ.Mehdiyev və komandası icazə vermişdi. Eyni özbaşınalıq A.M.Şərifzadə küçəsində də müşahidə olunur.

Daha əvvəl Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında “ağac soyqırımı” aparılıb.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilib.

Bu ərazi 2 il əvvəl Ramiz Cabbarlı adlı sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Göründüyü kimi, icra başçısı olmadan da Yasamalda sökhasök, qırhaqır gedir.

► Başçı təyinatı niyə yubanır?

Yeri gəlmişkən, Yasamal rayonunun ərazisi kifayət qədər böyükdür və burada xeyli meqalayihələr həyata keçirilir, o zaman rayona icra başçısı olmaq uğrunda mübarizənin heç də kiçik güclər arasında getdiyini söyləmək olmaz.

Yayılan məlumatlardan da görünür ki, rayona icra başçısı olmaq uğrunda mübarizə iqtidarın üst səviyyələrində aparılır.

İndiyədək ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, “Hacı Cavad” məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerinə namizəd kimi bir sıra şəxslərin adları çəkilib.

Namizədlərin adlarına keçməzdən öncə onu da qeyd edək ki, İbrahim Mehdiyev nə az, nə də çox düz 11 il idi ki, Yasamal rayonunun icra başçısı vəzifəsində çalışırdı.

Baki metrosunun keçmiş rəisi Tağı Əhmədovdan başqa Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir.

Həmçinin, Mingəçevirin icra başçısı, gənclər və idman naziri Azad Rəhimovun qudası Niyazi Bayramovun iddialılar cərgəsində adı var.