Ordubadda 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyası tikiləcək. AzEuroNews.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən iclasda xidmətin rəisi Namiq Paşayev 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış edərkən deyib.

Onun sözlərinə görə, Culfa rayonunda gələcəkdə külək elektrik stan­siyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün quraş­dırılmış ölçü qurğularında ölçmə işləri aparılıb. Muxtar respublikanın təbii resurslarından səmərəli istifadə olunmaqla yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb.

Namiq Paşayev bildirib ki, bu gün istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında heç bir problem yoxdur. Lakin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması da diqqət mərkəzində saxlanılır. 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina və yarımstansiya istifadəyə verilib. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə hesablanıb.

İclasda qeyd edilib ki, 2017-ci ildə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib. Enerji sistemində qəza və imtinaların minimuma endirilməsi və texniki itkilərin azaldılması üçün məqsədyönlü tədbirlər görülüb.

Məruzə ətrafında müzakirələrdə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Yunis Əliyev, Araz Su Elektrik Stansiyasının direktoru Nadir İsmayıllı, Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktor əvəzi Ələkbər Kərimov, Şərur Rayon Elektrik Şəbəkəsinin direktoru Həbib Məmmədov və Naxçıvan Modul Elektrik Stansiyasının direktor əvəzi Vüqar Dadaşov çıxış edərək 2017-ci ildə rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat veriblər.