Çin şirkəti “Alibaba Group” tərəfindən daha mükəmməl süni intellekt yaradılıb. Sınaqların nəticələrinə əsasən, o, yeni materialı daha yaxşı oxuyur və mənimsəyir. Oxuduqdan sonra insan və neyroşəbəkəyə oxunmuş materialın qavrama səviyyəsini aşkarlayan testi keçmək təklif edilib. Test Stenford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb və mətnlərin koqnitiv emalı sahəsində ən mürəkkəb sınaqlardan biri kimi tanınır. O, “Vikipediya” virtual ensiklopediyasında yer alan 500-dən çox məqaləyə əsaslanan yüz mindən çox müxtəlif məsələni və cavabı özündə ehtiva edir.

AZƏRTAC “belta.by” saytına istinadla xəbər verir ki, insanların bu testi keçərkən çatdıqları maksimal səviyyə 82,304 bal təşkil edir. Kompüter isə qoyulmuş məsələnin öhdəsindən 82,44 balda gəlib. Alimlər artıq bu nəticəni “dönüş nöqtəsi” adlandırırlar.