Yunis Cəfərov/AzEuroNews.com/ Bakı ► ► ► İntihar edən gənc Məlik Cahangirovun təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulması Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyini təşvişə salıb.

AzEuroNews.com xəbər verir ki, M.Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı.

 Məlik Cahangirov
Məlik Cahangirov

Gənc bir insanın sonuncu kursda təhsil haqqına görə intihar etməsi bu ali məktəb rəhbərliyinin laqeydliyini aktuallaşdırıb.

Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli də təsdiqləyib ki, intihar edən gənc 2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə tələbələr sırasından xaric edilib.

Mərhumun bibisi oğlu Xəyal Kərimovun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib.

Sosial şəbəkə istifadəçiləri isə sual edirlər ki, görəsən, tələbəni akademik borca və semestrə görə qovmaqdansa, ona güzəşt etmək, problemlərinə doğmalıq göstərmək olmazdımı?!

Bir gənc illərlə oxuyub əziyyət çəkib, universitetə daxil olub, amma onun karyerasını, ümidlərini məhv edən bir qərar verilib və depressiyaya düşməsinə təhrik olunub.

Əslində, onun ADPU-dan çıxarımasının gerçək tərəfləri araşdırılmalıdır. Ümumiyyətlə, rektor Cəfər Cəfərovun “islahatçı komandası” ADPU-da öz bildiklərini edirlər.

Cəfər Cəfərov
Cəfər Cəfərov

Universitetin kollektivi ilə kobud rəftar edən, bir çox hallarda qaba hərəkətlər edən Cəfərovun kadrları ciddi narazılıq formalaşdırırlar.

Xüsusilə, rektorun kadr təyinatında qohumbazlıq qırmızı xətt təşkil edir. C.Cəfərovun həyat yoldaşının xalası oğlu olan Arzu Daşdəmirov fizika fakultəsinin dekanı təyin olunub.

MSK sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov tarix fakultəsinin, Həmkar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin qardaşı qızı Elnarə Mehbalıyeva kimya-biologiya fakultəsinin dekanı təyin olunub.

Dövlət İmtahan Mərkəzi sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə isə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.

Əvvəllər Turizm və Menecment Universitetinin rektoru olmuş C.Cəfərovun ordan gətirdiyi daha bir kadr isə tələbələr şöbəsinin müdiri, eyni zamanda rektorun qardaşının kürəkəni olan Vüsal Xəlilovdur.

Onu da iddia edirlər ki, ADPU-da imtahanların pulla yazılması köhnə ənənədir və indi də davam edir. Gün ərzində ADPU-ya etdiyimiz zənglər cavabsız qalıb.