Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur.

“AzEuroNews.com”un APA-ya istinadən məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.

Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.

Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib.

Qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.