Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin birgə tədbirlər planına uyğun olaraq Arazboyu ərazilərdə quş qripi xəstəliyi ilə bağlı monitorinq keçirilib. AzEuroNews.com-un məlumatına görə, dövlət Baytarlıq Xidmətinin sektor müdiri Şəmsəddin Nağıyev bildirib ki, məlum olduğu kimi, bir sıra xarici ölkələrdə quş qripi təhlükəsi yaranıb: “Həmin ölkələrdən muxtar respublikamıza köçəri quşların gəlməsi ilə bərabər quş qripi  xəstəlikləri və digər xəstəliklər baş verə bilər. Beləliklə də, ev quşlarının bu xəstəliklərə yoluxma təhlükəsi böyükdür. Bunun qarşısını almaq üçün vaxtaşırı monitorinqlər keçirilir. Bu gün Arazboyu ərazidə apardığımız monitorinq zamanı tələf olmuş quş cəsədləri tərəfimizdən aşkar olunmadı. Bu da əsas verir deyək ki, muxtar respublikamızda quş qripi xəstəliyi yoxdur və gözlənilmir”.

quş qripi

Mütəxəssislər monitorinq çərçivəsində quşların yaşadıqları sahələrə baxıb, onların miqrasiyası və məskunlaşması vəziyyətini öyrəniblər. Monitorinqlər davam etdiriləcək.