“Terror qruplaşmalarına ilk zərbəni ”Fərat qalxanı” ilə vurmuşduq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayda elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik. ABŞ deyir ki, Afrində qalacağınız müddət məlum olmalıdır. Onda mən də ABŞ-dan soruşuram: “Sizin Əfqanıstanda qalma müddətiniz məlumdurmu? Bu müddət nə vaxt bitəcək? Biz hakimiyyətə gəlməzdən əvvəl siz İraqa girdiniz. Ona görə də biz dünya “beşdən” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa – “Report”) böyükdür deyirik. Terrorçular Afrində mülki insanlara işgəncə verir”, – deyə o vurğulayıb.

R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu Afrində vəzifəsini icra edir və edəcək: “Türkiyənin bu əməliyyatlarda əsas hədəfi təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Həmin terrorçular Türkiyə üçün nə dərəcədə təhdid yaradırsa, eyni dərəcədə İran, Suriya, İraq və bütövlükdə, bölgə üçün təhlükə mənbəyidir”.

O hesab edir ki, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlar yaxın vaxtlarda müsbət nəticə verəcək: “Çox yaxında siz görəcəksiniz ki, bizim əməliyyatlara oradakı kürd, ərəb və türkmən qardaşlarımızdan dəstək gələcək. Bizim “hara gedirsiniz” sualına cavabımız budur: “Biz “Qızıl almaya” doğru gedirik”.

Türkiyə prezidentinin sözlərinə görə, ABŞ bölgəyə 5 min TIR silah göndərib: “Həmin silahları kimə verdilər? Onlar terror qruplaşmasına verildi. Hazırda ABŞ-ın Suriyanın şimalında 20-yə qədər hərbi bazası var. İndiyədək onlardan dürüstlük görmədik. Biz də Rusiya ilə apardığımız müzakirələr çərçivəsində yolumuza davam edirik”.