ABŞ-ın Ədliyyə Nazirliyi və Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası “Apple” şirkətinin köhnə “iPhone” modellərinin işini bilərəkdən ləngitmələri iddiası ilə araşdırmaya başlayıb.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, “Apple” şirkəti bu iddianı qəbul edib.

Qeyd edək ki, şirkət köhnə modellərin fəaliyyətinin yavaşladılması üçün “iOS” əməliyyat sisteminin yenilənməsinə xüsusi kod yerləşdirdiyini etiraf edib. İstifadəçilər şirkəti yeni modellərin alınmasına məcbur etmədə ittiham ediblər.

Dünən isə “Apple” şirkəti ən son modeli olan “iPhone X”-in istehsalını 2 dəfə azalda biləcəyini bildirib. Şirkət bu qərarını kifayət qədər tələb olmaması ilə izah edir.

Nəticədə, “Apple” şirkətinin kapitallaşması son 1 həftə ərzində 8%-dən çox azalaraq 850 mlrd. dollara geriləyib.