► ► ► Ötən il Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.

AzEuroNews.com  Naxçıvan Televiziyasna istinadən xəbər verir ki, 2017-ci ildə muxtar respublikada milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilib, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilib, görkəmli sənət adamlarının yubileyləri qeyd olunub. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaradıb. Şahtaxtinskilər muzeyi yenidən qurulub, muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak edib, muzeylərə 1340 eksponat daxil olub.

Qədim diyardakı muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 nəfər ziyarət edib.

Muxtar respublikanın kitabxanalarında müvafiq kitab guşələri yaradılıb, 31 kitab müzakirəsi keçirilib. 2017-ci ildə muxtar respublikanın kitabxanalarına 301 adda 13 min 224 nüsxə çap məhsulu daxil olub. Kitabxanalarda 552 mədəni-kütləvi tədbir, 441 sərgi reallaşdırılıb. “Kitabxana işinin təşkili və müasir tələblər mövzusunda” kurslar keçirilib, 96 kitabxana əməkdaşına sertifikatlar təqdim edilib.

2017-ci ilin sonlarında yekunlaşan “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” də maraqla qarşılanıb. Müsabiqənin 22 iştirakçısından 11-i əsas tura vəsiqə qazanıb. Qaliblər və fərqlənənlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif ediliblər.

Teatr kollektivlərinin hazırladıqları yeni tamaşalar muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyətə malik olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ə.Əmirlinin “Onun iki qabırğası”, M.Metterlinqin “Göy quş”, H.Cavidin “İblis” tamaşaları səhnəyə qoyulub. Naxçıvan Dövlət Kukla Teatrı isə “Niyyət açarı”, “Göyçək Fatma”, “Keçinin qisası” tamaşaları ilə balacaların görüşünə gəlib. Naxçıvan Dövlət Uşaq Teatrı “Balaca şahzadə”, “Bizə Şaxta baba və dovşan lazımdır”, “Özgəsinə quyu qazan” tamaşalarını hazırlayıb.

Naxçıvan Dövlət Film Fondu da muxtar respublika əhalisinin asudə vaxtının mənalı və səmərəli keçirilməsində fəal iştirak edib, “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 14 film nümayiş olunub.

Naxçıvan Kulinariya Mərkəzi milli mətbəximizin öyrənilməsi və təbliği istiqamətində işini davam etdirib. Mərkəz Naxçıvan diyarının kulinariya mədəniyyətinə aid nümunələrin toplanmasında fəal iştirak edir. Ötən il 58 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 25 folklor nümunəsi toplanıb.

Turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, təbliğat işi gücləndirilib. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.