Özbəkistanın birinci prezidentinin kiçik qızı Lalə Kərimova-Tilyayeva respublikanın YUNESKO-dakı səfiri vəzifəsindən getməyə hazırlaşdığını bəyan edib.

Bu barədə Oxu.Az xəbər verir.

“Bu gün mənim Özbəkistanın YUNESKO-dakı səfiri olaraq son günümdür. Əlbəttə ki, diplomat işlədiyim 10 il həyatımın vacib hissəsinə çevrilib. Bu qiymətsiz təcrübəyə, tanış olduğum insanlara görə, dünyagörüşümü artırmağıma və başlıca olaraq xalqıma xidmət edə bildiyimə görə minnətdaram”, – deyə Lalə Kərimova “Facebook” səhifəsində status paylaşıb.

Kərimovanın sözlərinə görə, o, mədəniyyət, təhsil, elm və ekologiya sahələrində müxtəlif layihələrin gerçəkləşdirilməsi üzrə işləri davam  etdirəcək.

Xatırladaq ki, ölkəsinə 1989-cu ildən başçılıq etmiş Özbəkistanın ilk prezidenti Kərimov 2 sentyabr 2016-cı ildə, 78 yaşında insultdan dünyasını dəyişib. Vəsiyyəti əsasında müsəlman adət-ənələri ilə Səmərqəndin Şahi-Zinda tarixi qəbiristanlığında, XIX əsrə aid Həzrət-Hizr məscidi qarşısında torpağa tapşırılıb.