Bir il ərzində Göygöl Milli Parkına 350 minə yaxın turist səyahət edib.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2017-ci il ərzində Göygöl Milli Parkının rekreasiya potensiallı ərazilərində ekoturizm infrastrukturu, marşrutların yaradılması işləri davam etdirilib, qısa müddət ərzində Milli Parka 350 minə yaxın turist səyahət edib.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə 2017-ci ilin iyul ayında ərazi ilə tanışlıq üçün Almaniya İnkişaf Bankı tərəfindən təyin edilmiş məsləhətçi-ekspertin Azərbaycana səfəri baş tutub və hazırda hazırlanmış müvafiq tender sənədlərinə baxılır.

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılmasını nəzərdə tutan “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi layihəsi” çərçivəsində rəsmi prosedurlara başlanılıb. Belə ki, Milli Parkın sərhədləri tam dəqiqləşdirilərək 1:25000 və 1:100000 GİS xəritələri hazırlanıb və ümumi sahəsi 300 m2 olan inzibati binasının tikintisi başa çatdırılıb.