Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Gürcüstanın Marneuli rayonunun meri traktorla yer şumlayıb. AzEuroNews.com  GAXA-a istinadən xəbər verir ki, media nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə mer Temur Abazov Marneulinin azərbaycanlıların kompakt yaşadığı Hallavar kəndində həyətyanı sahəni şumlamaq üçün traktor sürüb. T.Abazov bildirib ki, traktorlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə 2016-cı ilin mart ayında Marneuli rayon rəhbərliyinə hədiyyə edilib.

Onun sözlərinə görə, İlham Əliyev  tərəfindən hədiyyə olunan traktorlar pulsuz olaraq istifadə olunacaq və lazım olan əlavə xərclər meriya tərəfindən ödəniləcək.

Marneuli meri Temur Abazov jurnalistlərə açıqlamasında hədiyyə üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirib: “İndiyədək bizə hədiyyə olunan bu traktorlardan əkin-səpin üçün istifadə edilməyib. İndi biz qərara aldıq ki, həmin traktorları əhalinin ixtiyarına verək. Bu, Marneulidə həyata keçirmək istədiyimiz kənd təsərrüfatının inkişafına dəstək proqramına kömək edəcək. Məqsədimiz imkansız və yoxsul ailələrə mövsüm ərzində yardım etməkdir. Marneulidə yaşayan əhali əsasən, torpağa bağlıdır. Biz, məhz bu məqsədlə traktorları onların ixtiyarına verdik. Traktorların yanacağını və traktorçunun əmək haqqını biz verəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə bu qayğı və diqqət üçün xüsusi təşəkkürümü bildirirəm. Mən həmçinin, SOCAR-ın rəhbəri Rövnəq Abdullayevə və Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini Azərbaycan dövlətinə çatdırdığı üçün SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova minnətdarlığımı bildirirəm. Biz söz veririk ki, iki il işlədilməyən traktorlarla əhaliyə yardım edəcək və bölgəmizdə kənd təsərrüfatının inkişafına nail olacağıq”.

Qeyd edək ki, tədbirdə Marneuli meri Temur Abazov, Kvemo Kartli qubernatorunun birinci müavini Aleksandr Metreveli, rayon bələdiyyəsinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, merin müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, “Təmiz Marneuli” şirkətinin rəhbəri Leri Mumladze və digər rəhbər şəxslər iştirak ediblər.

Tədbirdən sonra Marneuli meri Azərbaycan prezidentinin hədiyyəsi olan traktorlardan birininin sükanı arxasına keçərək onu işə salıb və tədbir iştirakçılarının gözü qarşısında Hallavar kənd sakininin həyətyanı sahəsini şumlayıb.