Hollandiya Avropa Komissiyasının Avropa İttifaqının (Aİ) büdcəsini artırmaq tələbini qətiyyətlə rədd edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hollandlar Böyük Britaniyanın çıxışından (Brexit) sonra Aİ üzvlərinin sayının azalmasının həm də büdcəsinin azalması demək olduğunu hesab edir.

Hollandiya hökumətinin Aİ-nin maliyyələşdirilməsi məsələləri üzrə proqram sənədində bildirilib ki, ölkə brutto-ianə miqdarını artırmayacaq, Aİ üzvlərinin sayının azalması büdcənin də azalması ilə nəticələnməli, uzunmüddətli maliyyə planlaşdırılması müvafiq qaydada korrektə edilməlidir.

Qeyd edək ki, Aİ ölkələrinin dövlət və hökumət başçıları “Brexit”dən sonrakı dövr üçün maliyyələşdirmə məsələlərini ilk dəfə fevralın 23-də Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə müzakirə edəcəklər. Bu görüş ərəfəsində Almaniya kansleri Angela Merkel bu gün Hollandiyanın baş naziri Mark Rütteni Berlində qəbul edəcək.

Əlavə edək ki, Avropa Komissiyası Aİ-nin xarici sərhədlərinin qorunması və terrorizmə qarşı mübarizə kimi yeni birgə məsuliyyətlərin ortaya çıxması fonunda 2021-ci ildən etibarən Aİ-nin büdcəsinin artırılmasına çağırış edib.