Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada sığınacaq istəyən azərbaycanlılara verilən sosial yardım və işsizlik pulu kəsilir. AzEuroNews.com xəbər verir ki, bu barədə elektron poçtumuza həmvətənlərimiz tərəfindən xeyli sayta məktub göndərilib. Həmin məktubların əksəriyyətində deyilir ki, Almaniyaya gəlmək üçün viza alan zaman bank hesabında göstərdikləri məbləğə görə yardımları kəsilib. Almaniyanın Sosial və İş İdarələri ( Sozialamt və Job Center) həmvətənlərimizin bank hesabında olan pulu viza məlumatları əsasında öyrənərək onlara məktub göndərib. İndi problemlə üzləşən həmvətənlərimiz deyir ki, “Sozialamt” və “Job Center” hesablarındakı pula görə indiyə kimi onlara yardım şəklində ödədikləri məbləği geri istəyir. İş bununla da bitmir, hesabdakı məbləğə görə yardım da kəsilir. Məktublarda yazılanlara görə, onlar viza almaq üçün müvəqqəti bank hesabları açaraq ora pul qoyublar. Daha sonra hesabda pulun olması ilə bağlı bankdan arayış alaraq səfirliyə təqdim ediblər. Məsələn, elektron poçtumuza gələn məktublardan birində deyilir: ” 8 aydan çox idi işləmirdim. Viza almaq üçün hesabımda 3-5 min avronun olması lazım idi. Bir nəfərdən 5 min avro borc tapıb hesabıma qoydum.  Bankdan arayış alıb səfirliyə təqdim etdim. 3-4 gün sonra da həmin hesabdakı pulu çıxarıb sahibinə qaytardım. İndi “Job Center” deyir ki, sənin hesabında 5 min avro var. Onu xərclə, sonra gələrsən sənə yardım verərik. Üstəlik mənə iki ay yardım veriblər. Həmin pulu da geri istəyirlər. Mən nə etməliyəm?”.

E-mail: azeuronews@gmail.com Tel.: +4915145834004 WhatsApp: +994557599976
E-mail: azeuronews@gmail.com Tel.: +4915145834004 WhatsApp: +994557599976

Oxucularımız və Avropada yaşayan həmvətənlərimiz üçün maraqlı olar deyə miqrasiya məsələləri üzə ekspert, hazırda Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevlə əlaqə saxladıq.

Ə.Əliyev məsələ ilə bağlı bildirdi ki,  Almaniya hökuməti bankların elektronlaşması vasitəsi ilə hesablarındakı bilgiləri əldə edərək vətəndaşlara nəzarət edir: “Almaniya səfirliyindən viza üçün müraciət etmisinizsə və siz orda bank hesabınızada müyyən məbləğin olduğunu göstərmisinizsə əmin olun bu proses Almaniya hökunəti tərəfində asan bir şəkildə izləniləcək. Əgər həmvətənlərimiz Bakıda turizm firmaları vasitəsi ilə viza almaq üçün bankda hesab açıb bir-iki günlük pul qoyubsa bunu mütləq Almaniyada “Job Center”ə sübut etməlidir. Əgər Alman hökuməti həmin vətəndaşa aid hesab kartının Almaniya ərazisində işlədiyini və pul çəkildiyini tapsa onda vətəndaşın mübarizə aparması yersizdir. O, prosesi mütləq uduzacaq. Əgər hesabında pul ola-ola yardım alıbsa, aldığı yardım mütləq geri qaytarmalıdır”.

"Leqat" inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev

“Leqat” rəhbərinin sözlərinə görə, sırf viza açmaq üçün 2-3 günlük hesaba pul qoyub çəkənlərin şansı var: “Əgər viza almaq üçün hesaba 2-3 günlük pul qoyub sonra çəkiblərsə, bu proseslə bağlı banka sorğu verib müvafiq arayışı lazımı idarəyə təqdim etməlidirlər. Onlar da həqiqətən görsünlər ki, hesabdakı məbləğ sırf viza işləri üçün istifadə olunub. Kartdan Almaniya ərazisində istifadə olunmayıb. Yəni, ola bilər də, vətəndaş viza almaq üçün birindən borc alaraq hesaba qoyub. Bir müddət sonra o pulu çəkərək sahibinə qaytarıb”.

Ə.Əliyevin sözlərinə görə, artıq beynəlxalq təşkilatlar Almaniya kimi Avropa dövlərindən sığınacaq istəyərək yardım alan şəxslərin mal varlıqlarını araşdırır: “Zənnimcə bu normal haldır. Dünya Azərbaycan kimi deyil. Qaçqınların işinə baxanlar Əli Həsənov kimilərinin düşüncəsinə malik deyillər. Ə.Həsənov parlamentdə hesabat xarakterli çıxışında demişdi ki, məcburi köçkünlərin sayı artıq 1 milyon 200 minə çatıb. Bu insan hesab edir ki, qaçqınlıq vərəsəlik yolu ilə nəsildən-nəsilə keçir. Bu adam dövlət əmlakını dağıtmaq üçün görün nə ifadə işləyir. Hamı çox gözəl bilir ki, qaçqınlıq inteqrasiya prosesi ilə aradan götürülən bir problemdir. Almaniya hökuməti də görür ki, şəxs qaçıb, əmlakını çıxara bilməyib. Ona vaxt verir ki, əmlakını sat gətir burda xərclə. Bu da çox normaldır. Düzdür Azərbaycanda mülklə bağlı çox böyük problem var. Evərin çoxunun sənədi yoxdur və ya şəxsin öz adına deyil. Bunun müəyyən olunmağı Almaniya kimi ölkəyə bir qədər problem olar. Amma, bank hesabındakı pulla bağlı məlumatı öyrənmək çox asandır. Ona görə, həmvətənlərimiz olduqca ehtiyyatlı olmalıdırlar. Çoxları elə bilir ki, hesabdab 5 min avrodan az pul göstərsələr onlara viza verilməyəcək”.

► Məlumat üçün qeyd edək ki, Almaniyada mal varlıqlarını bəyan etməyən Türkiyə vətəndaşları cərimələniblər. Belə ki, ” Hartz-4″ sosial yardımını alan 27 ailənin Türkiyədə ev, maşın və bankda pulunun olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  (ATƏT) tərəfindən müəyyən edilərək Almaniya hökumətinə təqdim edilib. Onlar uzun illərdir Şimali Reyn Vestfaliya, Aşağı Saksoniya, Bremen və Baden-Vürtemberq əyalətlərində yaşayan ailələr olublar. Nəticədə mal varlıqlarını bildirmədən 7 ilə yaxın sosial yardım alan ailələr cərimələniblər.

İndi onlar aldıqları sosial yardımı hissə-hissə qaytarmağa məcbur olacaqlar.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

Artıq ATƏT 57 üzv ölkə arasında avtomatik məlumat ötürmə sistemini işə salıb. Bu sistem sayəsində öz ölkəsində ev, maşın və s. daşınar və daşınmaz əmlaka sahib olan, bankda pulu olan və hazırda Avropa ölkələrindən sosial yardım alan mühacirlərin yardımı kəsiləcək.

ATET SISTEM AEN

2016-cı ildən hazırlanan bu sistem bu ilin yanvarın 1-dən tətbiq olunur. Sistemin tətbiqinin ən çox Avropada xüsusilə, Almaniyada kompakt yaşayan və sosial yardım alaraq öz ölkələrinə yatırım edən Türkiyə vətəndaşlarına təsir edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. 2016-cı ildə Dünya Azərbaycanlıları Konqresi tərəfindən aparılan statistikaya görə, təkcə Almaniyada 300 min həmvətənimiz yaşayır. Onlar əsasən ölkənin  Berlin, Bremen, Hamburq, Mayns, Frankfurt-Mayn, Münhen kimi şəhərlərində kampakt və dağınıq şəkildə məskunlaşıblar.