Suriyanın Afrin bölgəsində məhv edilən terrorçuların sayı 2184-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 39 gündür davam edir.

Bu müddət ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi məhv edilib.

Əməliyyat nəticəsində 100-dən çox kənd terrorçulardan təmizlənib. Azad edilən ərazilərdə mülki əhali arasında gizlənməyə çalışan terrorçu PKK/PYD qruplaşmasının 2 silahlısı da aşkar edilib. Çoban paltarında olan həmin terrorçular hərbçiləri hərəkət istiqamətindən yayındırmağa cəhd göstəriblər. Onlar saxlanılıb və Türkiyəyə aparılıblar.

Qeyd edək ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.