Tural Abbaslı
Tural Abbaslı

Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ► Prezidentliyə namizəd olan AĞ partiya başqanı Tural Abbaslı AzEuroNews.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

–  Tural bəy, imzatoplama kampaniyası necə gedir?

–  Mərkəzi Seçki Komissiyası tərəfindən bizə vərəqələr verilib və birinci mərhələni başa vurmuşuq, imzaların yarıdan çoxu toplanıb.

Yaxın günlərdə son tamamlama işlərini başa vuracağıq. İnşallah, martın 10-da imzaları MSK-ya təhvil verəcəyik. Proqnozlarımıza görə, vaxtında çatdıra biləcəyik.

Təbii ki, bizə dövlət strukturları, “JEK”lər imza toplamaqda yardım eləmirlər, üstəlik, yeni bir partiya olaraq ilk təcrübəmizdir.

Ancaq imza toplamaqda seçkiyə getməyən bəzi partiyalar prosedur dəstəyi verirlər, onlara da təşəkkür edirik.

27858186_1610388855693094_5094941679434715070_n

Namizədliyinizin qeydə alınacağını gözləyirsinizmi?  

– İndi deyəcəklərim seçkini boykot edən partiyaların arqumenti kimi səslənəcək, baxmayaraq ki, dəfələrlə nəticəsi əvvəlcədən bəlli olan seçkilərdə iştirak ediblər; sadəcə həqiqətən də hakimiyyət seçkini simvolik prosedur halına çevirib.

Qanunverciliyə uyğun olaraq imzaları toplaya da bilərsən, əgər hakimiyyət istəməsə namizədliyini qeydə almayacaq.

Odur ki, indidən siyasi qərarın nə olacağını deyə bilmirəm. Bizdən asılı olan imzaları toplamaqdır ki, onu da edirik.

– Deyək ki, namizədliyiniz qeydə alındı, Tural Abbaslının Hafiz Hacıyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev və s. namizədlərlə eyni vitrində görünməsi onun sistem müxalifəti imicini yaratmayacaq ki?

–  Ola bilsin ki, bəzi namizədlər seçki prosesinin ciddiyyətini azaldır. Ancaq sual yaranır ki, alternativ nədir? Nə etməliyik, onlarla bir stol arxasında oturmayaq, çəkilib qıraqda dayanaq?

Əgər dövlətin birinci adamı bu konginentlə seçkiyə getməyi özünə sığışdırırsa, biz niyə bunu ayıb bilməliyik?

Bəzən siyasətçilər bu məsələlərə emosional yanaşırlar. Ancaq biz xalqa öz fikrlərimizi çatdıracağıq.

–  Yəni, seçkidə iştirak səbəbiniz insanlara fikirlərinizi çatdırmaq üçündür?

– Bu seçkilər digərlərindən fərqlənmir. Demokratik seçki olacağı da gözlənilmir. Seçkinin taleyi bəllidir.

Əslində, hakimiyyət də illərlə bu psixoloji siyasəti yürüdərək istəyinə nail oldu və hamı seçkinin nəticəsinin necə olacağını qəbul edib.

Ancaq məqsədimiz təkcə efirdən çıxış etmək deyil. Biz yeni partiyayıq və bu seçki cəmiyyətə bir təqdimatımızdır.

Partiyanın, ideologiyamızın təqdimatıdır, yeni təcrübədir, təşkilatlanma, strukturlaşma baxımdan yeni imkandır. Seçki hər bir partiyaya təcrübə qazandırır.

Baxın, xalq sənin çıxışlarını izləyir, müsahibələr alırlar, partiyanı tanımayanlar tanış olurlar. Bu imkanları qaçırıb nə edək?

Nəzərə almaq lazımdır ki, növbəti seçki 7 il sonra olacaq və 7 ilə nələrin dəyişəcəyini proqnozlaşdırmaq çətindir.

Bu seçkidə prosesi hər nə qədər əngəlləsələr də, yeni partiya olaraq bizim üçün yeni imkanlardır.

–  O halda martın 10-na təyin olunmuş mitinqdə AĞ partiya iştirak etməyəcək… 

–  Bəli. Amma mitinq AĞ partiyanın qərarı deyil, fikrimiz öyrənilməyib, dəvət göndərilməyib. Ona görə mitinqdə iştirakı məqbul saymırıq.

Və nə Əli Kərimli, nə Arif Hacılı qarşısında öhdəlik götürməmişik ki, mitinq keçirəndə qoşulacağıq. Bizim səhv də bizimdir, düz də bizimdir. Mitinq isə onların hüququdur.

Tural Abbaslı


“Müxalifət vitrini çalışır ki, yeni siyasi liderlər formalaşmasın”


 

–  Sizi niyə saymırlar, nə üçün dəvət göndərmirlər?

–  Azərbaycanda 25 ildir siyasi səhnə dəyişmir. Necə iqtidar vitrini dəyişmir, elə də müxalifət dəyişmir.

Müxalifət vitrini çalışır ki, yeni siyasi liderlər formalaşmasın. Çünki hər şey onların nəzarətində olmalıdır.

Bu da siyasi qısqanclıqdır və gəncliyindən bu hərəkatın içində olmuş biri kimi deyirəm ki, yeni liderlərin yetişməsinə imkan vermirlər. Ancaq kimsə bizi mitinqə, tədbirinə dəvət etməyəndə siyasətçi olmuruq ki?!

Hazırda ən təmiz müxalifət özümüzü hesab edirik. Kiminsə bizə müxalifət mandatı verməsinə, möhür vurmasına ehtiyacımız yoxdur.

O ki qaldı, 10 mart mitinqinə, guya birgə qərar verilib. Müxalifət adından bunu elan edirlər, ertəsi gün mitinqi kimin təyin etdiyini özü açıqlayır.

Bu qüvvələr 25 ildir bir yerdə gəlirlər və doğru olmayan siyasətlərinə görə indi xalq tərəfindən etimadı itiriblər. Biz uğursuz mühitdə iştirak etmək istəmirik.

–  Müxalifətin elədiyində doğru olmayan nədir?

– Söhbət dövlət idarəçiliyində, parlamentdə, dövlət məmurluğunda təmsilçilikdən gedir. Bu siyasi qurumlar artıq özlərini İrlandiya, Kolumbiyadakı qeyri-leqal təşkilatların gününə salıblar.

Baxın, Türkiyədə, Amerikada idarəçiliyin yarısı müxalifətindir. Hətta Rusiyada müxalifət dövlət təmsilçiliyində yer alır. Azərbaycanda 10-15 icra başçısı, 25-30 deputat müxalifətdən olmalıydı.

– Bunun günahı müxalifətdədir?  

– Mən gəncliyimi partiyalarda qoymuşam. Hamı da keçdiyimiz yolu bilir. Əminliklə deyirəm ki, müxalifətin bu günə düşməyinin günahı 30 faizi iqtidardadırsa, 70 faizi özündədir.

Bu qüvvələr dövlət rəhbərliyindən müxalifətə keçiblər, bizi kimi müxalifətdə göz açmayıblar.

Onlar hakim partiya olublar, spikeri, nazirləri, dövlət rəsmiləri olub. Və 1994-1995-ci illərdəki elektoratı qoruyub saxlaya bilməyiblər.

Gözləyirlər ki, iqtidar onlara vəzifə verəcək? Bəlkə İlham Əliyev hansısa partiya qərargahına zəng edəcək ki, mən indi ayıldım, ölkədən qaçıram, bəs bu vəzifələri sizə həvalə edirəm?!

Bu ayrı məsələdir ki, hakimiyyət hansı yollarla – avtoritar yoxsa demokratik yolla bunları edib.

20638404_1613903011974546_5911712420885728031_n


“Avropa və ABŞ bu hakimiyyəti dəstəkləyirlər, xarici təşkilatlarla münasibətlər ən yüksək səviyyədədir”


 

–  Hesab edirsiz ki, partiya olaraq hakimiyyətin idarəçiliyində hansısa postu götürəcəksiz?

–  Əgər bacarmayacağıqsa bunu zaman göstərəcək. Biz şəxsi rifah davası aparsaydıq, zamanında buna imkanlarımız olub.

Sadəcə, müxalifətin 25-30 deputatla təmsil olunmaq şansı olub, 5 deputatla təmsil olunublar. Bələdiyyədə daha çox üzvlərinin olmaq şansı yaranıb, istifadə etməyiblər.

Bu siyasətlə də xalq siyasi səhnədən çəkindi. Xalqı idarəçilikdə kim yanına alırsa, o da qalib gəlir.

Müxalifət xalqın etimadını itirməməliydi. Biz çalışırıq ki, xalqın inamını qazanaq, müxalifətdənsə adi insanlar dəstək versin.

–  Tural bəy, müxalifətlə bağlı durumu şərh elədiniz, bəs iqtidar niyə seçkini 6 ay qabağa çəkdi?

– Azərbaycanın birinci şəxsi demişdi ki, seçki zamanında keçiriləcək. Ancaq növbədənkənar seçkilər təyin etdi.

Məncə, heç yaxın ətrafı da gerçək səbəbin nədən ibarət olduğunu bilmir. Yalnız İlham Əliyev bilir ki, niyə seçki 6 ay tez təyin olundu.

Açığı, xarici təhlükə faktorlarına inanmağım gəlmir. Çünki elə Avropa və ABŞ bu hakimiyyəti dəstəkləyirlər, xarici təşkilatlarla münasibətlər ən yüksək səviyyədədir, BMT, NATO və s. qurumlarla əməkdaşlıqda axsamalar yoxdur.

Ona görə də həm iqtidar, həm müxalifət təmsilçilərinin erkən seçki haqda arqumentləri gülməlidir. Bunun yeganə səbəbini birinci şəxsin özü bilir.

Mənimsə ehtimallar irəli sürmək. Mülahizələr yürüdüb bunun üzərində baş sındırmaq üçün vaxtım, həvəsim yoxdur. Bizim işimiz seçkilərə hazırlıqdır.