“Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır. Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır”.

Bu barədə “Ölkə.Az”a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu baxımdan Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır: “Ölkəmizdə təhlükəsizlik və sabitliyin hökm sürməsi, eyni zamanda xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə qarşı tolerant yanaşması, habelə böyük turizm potensialı Azərbaycanı turizm məkanı kimi daha da cəlbedici edir. Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də yer alıb”.