Prezident Donald Trampın eyni adlı oğlunun Pensilvaniyadakı qənnadı fabrikində çəkilmiş fotosu sosial şəbəkədə gülüş və lağ obyektinə çevrilib.

İKT.lent.az-ın xəbərinə görə, iş adamı kiçik Trampın fotosu elə rakursdan çəkilib ki, sanki nəhəng şokolad dovşan ondan müsahibə götürür. Əslində isə D. Tramp “Pittsburgh Post-Gazette” nəşrinin jurnalisti ilə danışır. Lakin kadrda jurnalist düşməyib.

Fotonun müəllifi Endryu Raş kadrı özünün “Twitter” səhifəsində yerləşdirib. “Qənnadı fabrikində kampaniya aparmaq məhz buna görə təhlükəlidir”, – deyə o, yazıb.

Foto amerikalı sosial şəbəkə istifadəçiləri arasında populyar olub. Onlar fotoya komik şərhlər yazıblar. Məzəli şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq:

– “Başımı dişləmə, mən sadəcə sual verirəm”;

– “Kiçik Trampdan müsahibə alan şokolad dovşan Trampın prezidentliyi dövründə baş vermiş ən normal olaydır”;

– “Feyk xəbərlər dərc edən şokolad dovşan media elitası”;

– “Şokolad dovşan kiçik Donnidən daha ağıllıdır”;

– “Fotoya görə Endryu Raş Pulitser mükafatı alacaq”…

Donald Tramp özü də fotoya yumarla yanaşıb. “Şokolad dovşan müsahibəyə böyük əmək sərf etdi və daha sonra çox dadlı oldu”, – deyə o, yazıb.