Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə bu ölkədə təhsil alan yüzə yaxın azərbaycanlı və 50-dək xarici tələbə qatılıb.

Tədbirdə çıxış edən səfir V.Quliyev, qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Səfir xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkan yarımadası, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizin Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.

V.Quliyev 2018-ci ilin ölkəmiz üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirərək, 11 apreldə Azərbaycan Respublikasının prezident seçkiləri və 28 may tarixində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlamətdar olduğunu xatırladıb. Səfir prezident seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradıldığını bildirərək, 11 apreldə tarixində tələbələrimizi öz seçki hüququndan fəal istifadə etməyə çağırıb. Bundan əlavə, səfir Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı səfirlik tərəfindən keçiriləcək silsilə tədbirlər barədə məlumat verərək, tələbələri bu tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılıb, samovar çayı dəmlənib və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

e0fb0da1-3e70-49bb-bd9e-d562fb2d394d ce6c979f-3b5b-4720-ae1d-0614a737b5c8 a24a2d38-bd6d-4859-987d-08156f47e5b2 13df9adf-5804-4522-bb22-cd227d91d71a 0efd7e15-cd4b-47c4-806e-d21cc4d4eaec