İsrail polisi ölkənin baş naziri Benyamin Netanyahunu “4000 işi” ilə əlaqədar dindirib.

Modern.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Baş nazirin sorğusu dünən səhər saatlarında onun Yerusəlimdəki iqamətgahında baş tutub. Sorğuda Netanyahu ilə yanaşı onun həyat yoldaşı da iştirak edib.

Netanyahunun dindirilməsinə səbəb ona yaxın adamların ölkənin ən nəhəng telekomunikasiya şirkəti olan “Bezek”in rəhbərliyi ilə korrupsiya əlaqələrində adlarının çəkilməsi olub.

Müstəntiqlər, bu işdə adları çəkilən şəxslərin Netanyahunun fəaliyyətinin məşhur onlayn xəbər saytı “Walla”da xeyirxah göstərilməsi qarşılığında “Bezek”in maraqlarını təmin etdiklərinə dair sübut axtarır.

Nazirin “4000 işi”nin iştirakçısı olmadığı bildirilir. Lakin, Netanyahu bu işi özünə qarşı təqibin davamı kimi qiymətləndirib.

İşin iştirakçıları kimi, nazirin eks mətbuat katibi Nir Xefets, Rabitə Nazirliyinin keçmiş baş icraçı direktoru Şlomo Filber, “Bezek”in sahibi Şaulya Eloviç, onun həyat yoldaşı, oğlu və bir neçə işçisinin adları çəkilib.

Xefets və Filber istintaqla razılaşaraq, “dövlət şahidi” statusunu əldə edib. Onlar ittihamların azaldılması əvəzində istintaqa bütün məlumatları təqdim edəcəklər.

Qeyd edək ki, baş nazir bundan əlavə daha iki işdə də şübhəli bilinirdi. Bunlar “1000 işi” və “2000 işi” şərti adları ilə qeydə alınıb. Birinci iş nazirin iş adamlarından bahalı hədiyyələr alması ilə bağlıdır. İkinci iş isə Netanyahunun ölkənin nəhəng mətbuat orqanlarından olan “Ediot Axronot”un rəhbərliyi ilə hökümətin fəaliyyətinin xeyirxah göstərilməsi qarşılığında onun xeyrinə olan qanunun layihəsinin irəli sürülməsi təklifi ilə bağlıdır.