Rusiya prezidenti Vladimir Putin Kemerovadakı “Zimnaya Vişnya” ticarət mərkəzində yanğının baş vermə səbəbi və araşdırmanın gedişatından narazı olaraq mitinq keçirən sakinlərin bir qrupu ilə planlaşdırılmayan görüş keçirib.
AzVision.az-ın “Life”-a istinadən verdiyi xəbərə görə, mitinq iştirakçıları hesab edirlər ki, yanğın nəticəsində ölənlərin sayı 64-dən çox ola bilər.

Putin görüş zamanı sakinləri sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlara inanmamağa çağırıb: “Yanğın nəticəsində insanların sayı ilə bağlı rəsmi statistikaya inanmamaq üçün əsas yoxdur”.

O, eyni zamanda qeyd edib ki, faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq, vəzifə və rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq.

Qeyd edək ki, bu gün yanğınla bağlı Kemerovoda böyük etiraz mitinqi keçirilib.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərindəki “Zimnaya vişnya” ticarət mərkəzində baş verən dəhşətli yanğında ölənlərin sayı 64-ə çatıb. Digər məlumatlarda ölü sayının 67 olduğu bildirilib. Onlardan 41-i uşaqdır. Yanğın nəticəsində 131 nəfər xəsarət alıb. On dörd nəfər hələ də xəstəxanadadır.