Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Bu gün Almaniyanın Köln şəhərində Milli Məclisin deputatı Adil Əliyevin təşkilatçılığı ilə tədbir keçirilib. AzEuroNews.com xəbər verir ki, “Senats” otelində təşkil olunan tədbirdə bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı Türkiyə türkləri də iştirak ediblər. Tədbirə Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi dəstək verib. “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları ilə keçirilən tədbirdə Almaniyada yaşayan mühacirlər də iştirak etmək istəyiblər. Tədbirdən öncə otelə daxil olmaq istəyən mühacir azərbaycanlılara tədbirin təşkilatçıları mane olublar.

Sonuncular bildiriblər ki, zalda yer olmadığından onları içəri buraxa bilməzlər.

Bu zaman tərəflər arasında qarşıdurma yaranıb. Otelin qarşısında əlavə polis əməkdaşları cəlb olunduqdan sonra tərəflər sakitləşiblər. Ancaq nəticədə mühacir azərbaycanlıların tədbirdə iştirak etmək istəkləri təmin olunmayıb. Onlar da otelin qarşısında müxətlif şüarlar səsləndirərək keçirilən tədbirə öz etirazlarını bildiriblər.

Tədbiri çıxış sözü ilə deputat Adil Əliyev açıb. O, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunacağını, bununla bağlı prezident İlham Əliyevin sərəncamının olduğunu diqqətə çatıdıb. Deputat vurğulayıb ki, 31 Mart Soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatıdırılmalıdır. O, Azərbaycanın Avropdakı diaspor təşkilatlarına səslənərək bu yöndə fəaliyyətlərini daha da artırmalarını istəyib.

A.Əliyev Ermənistanın Azərbaycan qarşı yürütdüyü işğalçılıq siyasətinin tarixi barədə də tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, ermənilər tarix boyu türklərə qarşı soyqırım siyasəti yürüdüblər və siyasət bu gün də davam edir.

Deputat Adil Əliyev çıxışının sonunda Azərbaycanda aprelin 11-də keçiriləcək prezdient seçkiləri barədə  danışıb. O, vurğulayıb ki,  bu gün Avropada yaşayan azərbaycanlılar hazırkı prezident İlham Əliyevi dəstəkləyirlər.

Daha sonra çıxış edən Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın erməni diasporasının Avropadakı fəaliyyəti barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi təçkilat uzun illərdir fəaliyyətini erməni yalanlarını ifşa etməyə yönəldib. İ.Aşkın vurğulayıb ki, bu fəaliyyətinə görə Avropada yaşayan ermənilər onu məhkəməyə veriblər. Diaspor sədri məhkəmənin onu qorxutmadığını, ermənilərin türklərə qarşı yürütdüyü soyqırım siyasətini dünyaya tanıtmaq üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, deputat Adil Əliyev AzEuroNews.com-a  müsahibə verib. O, tədbir öncəsi otelin qarşısında yaranmış insidentə də münasibət bildirib. Müsahibə yaxın dəqiqələrdə saytımızda yayımlanacaq.