ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib.

“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, Meksikanın qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az, yaxud heç bir iş görmədiyini yazıb.

Tramp Meksikanın ABŞ-ın “axmaq miqrasiya qanunvericiliyi”nə güldüyünü vurğulayıb: “Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişə son qoyacağam. Divar hörmək lazımdır!”.

Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.