Fransanın xüsusi təyinatlıları Suriyanın Münbiç mahalına gəliblər.

Publika.az Türkiyən KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mənbələr bildiriblər.

Eyni mənbələrin məlumata görə, Fransa xüsusi təyinatlıları Amerika hərbçiləri ilə birlikdə patrul xidməti aparmağa başlayıblar.

Qeyd edək ki, ötən həftə Fransa prezidenti Emmanuel Makron YPG terror təşkilatı nümayəndələri də daxil olmaqla, Suriyanın şimalından gələn bir heyətlə görüşmüşdü. Dövlət başçısı həmin görüşdə Münbiçə qoşun göndərə biləcəyinin anonsunu vermişdi.

Qeyd edək ki, Hələb vilayətinə bağlı Münbiç mahalı 2016-cı ilin avqustundan YPG/PKK terror təşkilatının işgalı altındadır.

İŞİD-lə mübarizə adı altında YPG/PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ Münbiçin təmizlənməsindən sonra mahala nəzarətin oranın əhalisinə veriləcəyinə söz vermişdi. Lakin, Türkiyənin bütün tələblərinə baxmayaraq, ABŞ terror təşkilatını Münbiçdən çıxarmağa həvəsli görünmür.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnal verilib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

“Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”, – prezident əməliyyatın qaçılmaz olduğu mesajını verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun “anlayış” içində olduğunu söyləyib.

Bölgəyə Fransa hərbi qüvvələrinin göndərilməsi isə gərginliyi artıracaq növbəti faktor hesab eilir.