“YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.
AzEuroNews.com qafqazinfo-ya istinadən xəbər verir ki, Nasim Aqdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir.
Təklikdə hərəkət edən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir.
Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub.
Prezident Donald Tramp bütün zərərçəkənlərə dəstəyini ifadə edib.
Xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da blogger fəaliyyəti ilə məşğul olduğunu yazır. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var.  Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub.

02:03

“YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə  MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma qara geyimli, başı bağlı qadın tərəfindən törədilib.

ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5-dək  yaralı yerləşdirilib.  San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.

Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir.

Digər təfərrüatlar açıqlanmır.

**** 01.25

Məşhur “YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma nəticəsində 4-5 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “ABC Nеws” telekanalı məlumat yayıb.

Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar.

Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib.

“YouTube” videoportalının sahibi olan “Google” şirkəti insidentlə əlaqədar araşdırmalara başladığını bildirilib.

*****00.52

“YouTube” videoportalının mənzil-qərargahında atışma olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.

Əməkdaşlar atışmanın intensiv olduğunu qeyd ediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib,  şirkətin əməkdaşları binadan təxliyə edilib.

Daha bir şirkət işçisi atəş açan şəxsin intihar etdiyini bildirib.

Hadisə yerinə xüsusi təyinatlıların cəlb edildiyi qeyd olunur.

Qeyd edək ki, aprelin 2-də  gecə saatlarında “Youtube”-nin fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmışdı. “Youtube” ofisi sistemdə texniki nasazlıq olduğu və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.