Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti matçları başa çatıb.

Oxu.Az xəbər verir ki,   Kataloniyanın “Kamp Nou” stadionunda “Barselona” klubu, qrup mərhələdə “Qarabağ”ın rəqibi olmuş  “Roma”klubu  ilə üz-üzə gəlib.Katalonlar  “Roma”nı 4:1 hesabı ilə darmadağın edib.

Maraqlıdır ki, matçda Roma oyunçuları ard-arda iki dəfə avtoqola imza atıb. 38-ci dəqiqədə De Rossi, 55-ci dəqiqədə isə  Manolas topu öz qapısından keçirib. 59-cu dəqiqədə Pike seçilib.

80-ci dəqiqədə “Roma”nın hücumçusu Dzeko xal fərqini azaldıb.  Ancaq 7 dəqiqə sonra “Barselona” klubunun hücumçusu Suarez oyunda son nöqtəni qoyub.

“Enfild” arenasında da iki İngilis klubu, “Liverpul” və “Mançester Siti” arasında məhsuldar oyun keçib. Ev sahibi qonaqları 3:0 hesabı ilə darmadağın edib.  Oyunun 12-ci dəqiqəsində Liverpulun hücumçusu  Salah  Firminonun ötürməsindən sonra topu bir neçə metrdən tora ötürüb.

21-ci dəqiqədə Oksleyd-Çemberlen güclü zərbə ilə  25 metrədən baxımlı qol vuraraq  fərqi ikiyə çatdırıb. 31-ci dəqiqədə isə Salahın möhtəşəm asmasını Mane qola çevirib.