Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində işçilər yenidən tətilə hazırlaşırlar. AzEuroNews.com xəbər verir ki, aprelin 10-u keçiriləcək kütləvi tətil zamanı ictimai nəqliyyat – avtobus, tramvay, qatar və metrolar işləməyəcək. Səbəb isə, ictimai nəqliyyat işçilərinin də tətilə qoşulmasıdır. Artıq bununla bağlı ölkənin “SWB”  nəqliyyat şirkəti xəbərdarlıq yayıb.

Almaniyanın ən böyük həmkarlar təşkilatlarından olan “Verdi”nin yaydığı məlumatda isə deyilir ki,  tətillə bağlı ölkənin Köln, Dortmund və Bilefeld kimi şəhərlərində yürüş-mitinqi keçiriləcək.

Təşkilatdan verilən məlumatda həmçinin deyilir ki, iki həftə öncə baş tutan tətilə təkcə “NRW” əyalətindən 40 min iştirakçı qatılıb.

Tətilə səbəb isə, işçilərin maaşlarının artırılmasını tələb etməsidir. “Verdi” həmkarlar təşkilatına görə, işçilərin maaşı ən azı 200 avro  və ya 6 % olaraq artırılmalıdır.