Çin artan qlobal iqtisadi gərginlik şəraitində ABŞ-ın proteksionizm siyasətinə qarşı mübarizədə Avropa İttifaqı ilə səylərini birləşdirməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” Çinin Avropa İttifaqı missiyasının rəhbəri Çjan Minə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, Pekin və Brüssel qlobal ticarətdə sabitliyin bərpa olunması üçün və Vaşinqtonun proteksionizm siyasətinə qarşı sıx əməkdaşlıq etməlidir.

ABŞ-ın Çin mallarının idxalına 25 faizilik rüsum tətbiq etməsi ilə bağlı rəsmi Pekin artıq Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

Pekin iddia edir ki, ABŞ-ın Çinə qarşı “cəza tədbirləri”  təşkilatın təməl prinsiplərinə və Vaşinqtonun ÜTT qarşısında götürdüyü öhdəliklərə ziddir.

Çin tərəfi  Vaşinqtona cavab olaraq, idxalına 25 faizlik rüsumun tətbiq olunacağı 106 ABŞ məhsulunun siyahısını dərc edib.

Bundan hiddətlənən Ağ Ev rəhbəri Donald Tramp, rüsumları 50 milyardan  100 milyard dollara qaldıracağı ilə hədələyib.