Almaniya Duma şəhərində iddia olunan kimyəvi hücuma cavab olaraq Bəşər Əsəd hökumətinə qarşı aparılacaq hərbi əməliyyatlara qoşulmayacaq.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel  açıqlama verib.

Berlində danimarkalı həmkarı Lars Rasmussenlə apardığı danışıqlardan sonra, o bundesverin Əsəd rejiminə qarşı hərbi müdaxilədə iştirak etməyəcəyini bəyan edib.

“Buna baxmayaraq biz, kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu göstərmək üçün, bütün başqa təsir vasitələrini dəstəkləyirik”,- deyə Angela Merkel qeyd edib.