Rusiya prezidenti Vladimir Putin Suriya və İraqda İŞİD-in məğlubiyyətindən sonra bölgədə siyasi həll və yenidənqurma prosesində Ərəb Birliyinə kömək edə biləcəklərini deyib.

Oxu.Az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti bu açıqlamanı XXIX Ərəb Birliyi Zirvəsi münasibətilə yayıb.

Putin xatırladıb ki, Orta Şərq və Şimali Afrika çətin dönəmdən keçir, Suriya, İraq, Liviya və Yəməndə silahı münaqişələr insanların həyatını məhv etməkdə davam edir.

“İŞİD-in əsas qüvvələrinin məğlubiyyətindən sonra ortaya çıxan şərtlərdə, Suriya və İraqda siyasi həll və yenidənqurma prosesini sürətləndirməyə və həyati məsələləri həll etməyə kömək edə bilərik”, – Putin bildirib.

Ərəb dövlətlərinin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirən Putin qeyd edib ki, terrorçu qruplarla mübarizə zəruridir:

“Orta Şərqdə vəziyyətin normallaşması Fələstin probleminin həlli olmadan mümkün görünmür. Rusiyanın mövqeyi dəyişməzdir”.