Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.

Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.

E. Qasımov bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və onlarla müqavilənin vaxtı uzadılmayıb: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.

Universitetin müvəqqəti rektoru Elmar Qasımov bildirib ki, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.

E.Qasımovun sözlərinə görə,  müqaviləsinə xitam verilən  türk müəllimlərin yerinə təyin olunmuş yerli kadrlar əsasən  Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan  yerli mütəxəssislərdir.

E.Qasımov qeyd edib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi  və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb: “Sadəcə onların əmək müqaviləsi bitib, biz də müqaviləni yeniləmədik və fikirləşdik ki, yerli kadrlara üstünlük versək, daha doğru olar”.