Xəstələrə qoyulan səhv diaqnozların 20 faizi həkimlərin dil bilgisinin aşağı olması ilə bağlıdır

 

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada işləyən hər yeddi həkimdən biri əcnəbidir. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, 2002-ci illə müqaisədə bu rəqəm iki dəfə çoxdur və artmaqda davam edir. Almaniyada işləməyə gələn həkimlər arasında Yunanıstan, Rumuniya, Rusiya , Ukrayna, Türkiyə, Avstriya, və Polşa vətəndaşları çoxluq təşkil edir.

Təkcə, NRW əyalətində olan 6000 xəstəxanada başqa ölkələrdən gələn 37 500 əcnəbi həkim çalışır. Təbii ki, onlar işə qəbuldan əvvəl dil bilgisi və ixtisas üzrə müvafiq test imtahanı verirlər.

Buna baxmayaraq, Almaniyada Pasientlərin Hüquqlarının Müdafiəsi İnstitutunun məlumatına görə, Almaniyada xəstələrə qoyulan səhv diaqnozların 20 faizi həkimlərin dil bilgisinin aşağı olması ilə bağlıdır. İnstitutun iddiasına görə, ötən il məhz Alman dilini zəif bildiklərinə görə həkimlər 17 000 xəstəyə səhv diaqnoz qoyublar. Bunun nəticəsində də xəstələr yanlış müalicə alıblar.

Passientlərin Hüquqlarının Müdafiəsi İnstitutu problemin qarşısını almaq üçün ölkədə müstəqil test imtahanı götürən məntəqəqlərin yaradılmasını tövsiyyə edir.

Son illər Azərbaycandan Almaniyaya gələn həkimlərin sayı artsa da onların ümumi sayı o qədər də çox deyil.