Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə 30 dəqiqəlik görüşdən sonra iyunun 24-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. Halbuki dünənə qədər AKP rəsmiləri belə bir halın baş vermə ehtimalını qəbul etmirdilər.
Bəs nə baş verdi? Hakim partiyanın erkən seçkiyə getməsinə səbəb nədir?

Hazırda Türkiyədə bu sual ətrafında ciddi müzakirələr gedir. Ancaq görünən budur ki, növbədənkənar seçki həm AKP, həm də MHP üçün sərfəlidir. Bununla belə AKP-MHP ittifaqının kövrək olduğu da bildirilir.

Türkiyə KİV-lərinin AKP kluarlarında gedən müzakirələrə istinadən yazdığı xəbərlərdə qeyd olunur ki, 4 səbəbə görə, növbədənkənar seçkiyə gedilib.

Birinci: MHP ilə qurulan ittifaq prezident seçkilərində AKP-yə, barajı keçmə və millət vəkili sayının artırılması baxımından parlament seçkilərində MHP-yə faydalıdır. Ancaq, bələdiyyə seçkilərində iki partiya arasında baş verəcək rəqabət risklidir. Hərçənd bələdiyyə seçkilərində partiyalar arasında “könüllü ittifaq”ın qurulacağı vurğulanır. Ancaq bu “ittifaq”ın kövrək olduğu, seçki zamanı öz varlığını qorumama ehtimalı var. Çünki bələdiyyə seçkiləri zamanı xoşagəlməz halların baş vermə ehtimalı çox böyükdür. Məhz bu xoşagəlməz halların prezident və parlament seçkilərinə “kölgə” salmaması üçün seçkinin keçirilmə vaxtı önə çəkilib. Yəni, əvvəlcə prezident və parlament, sonra bələdiyyə seçkilərinin keçirilməsi barədə razılıq əldə olunub.

İkinci: Seçkinin önə çəkilməsi bələdiyyə seçkilərində AKP-yə namizəd müəyyənləşdirmə baxımından əlavə imkanlar yaradacaq. Yəni parlament seçkilərində siyahıya salınmayan və ya qalib ola bilməyənlərə əlavə şans veriləcək. Prezident üsul-idarəsində nazirləri parlament təyin etmədiyindən AKP-lilər üçün “siyahıya” düşməmək daha faydalı hesab olunur. Adı siyahıda olmayanlar isə nazir postları uğrunda partiyadaxili mübarizəyə başlayacaqlar. Onlar özlərini sübut etməyə çalışacaqlar. Bu isə AKP üçün sərfəlidir.

Üçüncü: Ötən bələdiyyə seçkilərində Xalqların Demokratik Partiyası (HDP) 94 bələdiyyədə seçkinin qalibi olub. Lakin ötən dövr ərzində şərqi və cənub-şərqi Anadoludakı bələdiyyə sədrlərinin bir çoxu müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıb, əvəzlərinə isə səlahiyyətli nümayəndələr təyin olunub. Bu səlahiyyətli nümayəndələrin yerlərdə gördükləri işlərə baxmayaraq, AKP-nin həmin bələdiyyələrdə seçkini udma şansını risk altında qoyur. Səlahiyyətli nümayəndə təyin olunan bələdiyyələrə yenidən HDP-li şəxslərin seçilməsi isə parlament və prezident seçkiləri öncəsi partiyaya motivasiya baxımından pis təsir edə bilər. Səlahiyyətli nümayəndələrlə bağlı digər bir problem isə bəzi yerlərdən şikayətlərin daxil olmasıdır. Onların bəziləri millət vəkillərini heçə sayaraq siyasi fəaliyyətlə məşğuldur. Bu isə xalq arasında narazılığa səbəb olur.

Dördüncü: Növbədənkənar seçkini iqtisadi vəziyyətlə əlaqələndirənlər də var. Onlar hesab edirlər ki, ölkənin iqtisadi göstəricilərinin yüksək olması hakim partiyanın seçkidən qalib çıxmasına əlavə imkanlar yaradır. Hər seçki öncəsi ölkənin iqtisadi təzyiqlərə, terror hücumlarına və siyasi böhranlara məruz qaldığını söyləyən bəzi qaynaqlar isə hesab edirlər ki, növbədənkənar seçkilərin ehtimal kimi ortaya atılmasından bəri, prosesin uzadılması risklidir. Ona görə risk dərhal dəf edilməlidir.