Tezliklə Gəncə şəhər Səhiyyə İdarəsi yeni binaya köçürüləcək. İdarənin hazırkı binası isə tələbatı ödəmədiyi üçün Nizami Gəncəvi prospektinin genişləndirilməsi layihəsinə uyğun olaraq söküləcək.

“Ölkə.Az” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.

Bildirilib ki, Səhiyyə İdarəsi bundan sonra Gəncənin Heydər Əliyev prospektində yerləşən şəhər 2 saylı poliklinikanın binasında fəaliyyət göstərəcək. Bu məqsədlə binada cari təmir işlərinə başlanılıb. Poliklinika isə Gəncə şəhər Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanasının nəzdində sakinlərə daha müasir səviyyədə səhiyyə xidməti göstərəcək.