ABŞ-dakı Con Hopkins Universitetindəki bir komanda xərçəng xəstəliyinin səkkiz çeşidini müəyyən edən üsul inkişaf etdiriblər.

Oxu.Az xəbər verir ki, elm adamlarının hədəfi illik bir test hazırlayaraq xərçəngi erkən müəyyən etmək və xərçəngdən ölümlərin qarşısını almaqdır.

İngilis alimləri bunu “çox həyəcanverici” hesab edirlər.

Xərçəng şişləri mutasiyaya uğramış DNT-lərinin və proteinlərinin kiçik izlərini qana ötürürlər.

“Xərçəng axtarma” (The Cancer Seek) testi ümumilikdə bu xəstəliklərdə ortaya çıxan 16 gendəki mutasiyaları və səkkiz fərqli protein ötürülməsini izləyir.

Yumurtalıq, qaraciyər, mədə, pankreas, udlaq, kolon, ağciyər və döş xərçəngi olan, hələ digər orqanlara sıçramamış 1005 xəstədə bu test sınaqdan keçirilib.

Test xərçəng xəstəliklərinin 70 faizini müəyyən edib.

“Xərçəngdə erkən diaqnoz qoya bilmək həyati əhəmiyyətlidir və çox həyəcanvericidir. Xərçəngin ölümcül xəstəlik olmasının qarşısını bununla almaq mümkün ola bilər”, – Con Hopkins Üniversiteti Tibb Məktəbindən Dr. Kristian Tomasetti  bildirib.

Araşdırılan səkkiz xərçəng xəstəliyindən beşinin erkən diaqnoz proqramı hələlik yoxdur. Pankreas xərçənginin az əlaməti var, o, gec müəyyən edilir və diaqnoz qoyulduğu il xəstə həyatını itirir.

İndi test xərçəng diaqnozu qoylmamış insanlar üzərində sınaqdan keçirilir. Nə dərəcədə faydalı olduğu bundan sonra müəyyənləşəcək.

“Science” dərgisində yayımlanan bu araşdırma həm mutasiyaya uğramış DNT-ni, həm də proteinləri təsbit etmək baxımından çox önəmlidir.