Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Bu barədə Modern.az-a hakimiyyətdəki mənbə məlumat verib.

Rəsmi sərəncamın yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Qeyd edək ki, Muxtar Babayev Milli Məclisin  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.