Rusiya prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiya mərasimində altı il əvvəlki ssenari təkrarlanmayacaq. Həmin vaxt seçkilərdə qalib gəlmiş prezidentin Moskvanın boş küçələrindəki qatarı canlı efirdə yayımlanmışdı.

Oxu.Az xəbər verir ki, bununla bağlı “İnterfax” hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

“Bu ssenari təkrar olunmayacaq. O zaman Ağ Evdən Kremlə gələn qatar simvolik xarakter daşıyırdı: altı il əvvəl Vladimir Putin baş nazirlik kreslosunu tərk edərək, prezident postuna seçilmişdi.

Bu dəfə prezident öz iş yerini dəyişmir”, – mənbə deyib.

O xatırladıb ki, 2012-ci ildə seçkilərdə qələbə qazanan Putin qara limuzinlə Kreml sahilində və Vasilyevsk enişindən keçərək Kremlə gedib. Bu, efirdə canlı yayımlanıb. O zaman çoxları qatarın keçdiyi yolun boş olmasına diqqət yetirib.

“Budəfəki inauqurasiya mərasimi fərqli olacaq. Beş minə yaxın qonaq mərasimə təşrif buyuracaq”, – o qeyd edib.

Qeyd edək ki, 2012-ci ildə keçirilən andiçmə mərasimində iki minə yaxın qonaq iştirak edib.

Dəvət olunanlar arasında seçki kampaniyasının üzvləri, könüllülər, prezidentin seçki qərargahında iştirak edən şəxslər də olacaq.

“Qonaqların bir qismi Putinin Kremlin Katedral meydanında qəbul edəcəyi paradı canlı izləyə biləcəklər”, – mənbə əlavə edib.

“İnauqurasiyanın qalan hissəsi protokola uyğun formada baş tutacaq. Mərasimin ssenarisi Rusiyanın sabiq prezidenti Boris Yelstinin dövründə hazırlanıb və o vaxtdan dəyişdirilməyib.

Fərq isə mərasimin keçiriləcəyi yerdədir. Yeltsinin çıxış etdiyi Kreml sarayı iki min nəfərlik tutuma malikdir”, – o bildirib.