“Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçiridiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən AŞPA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun son hesabatı da ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, qeyd edib ki, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir: “Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞPA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞPA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.

Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, antiazərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməli, öz qəti mövqeyini ortaya qoymalıdır”.