Rumıniya prezidenti Klaus Yohannis baş nazir Viorika Dençileni istefa verməyə çağırıb.

“Report” “Reuetrs”ə istinadən xəbər verir ki, buna səbəb baş nazirin Rumıniyanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı gizli sazişi təsdiqləməsi və bununla da xarici siyasət məsələlərində səlahiyyətlərini aşmasıdır.

“Xanım Dençile baş nazir vəzifəsinin öhdəsindən gəlmir. Buna görə də açıq şəkildə onu istefa verməyə çağırıram”, – K.Yohannis bildirib.

Qeyd edək ki, Rumıniya qanunvericiliyinə görə, prezident baş naziri vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə malik deyil.

K.Yohannisin sözlərinə görə, bu həftə İsraildə səfərdə olan V.Dençile nə səfirliyin köçürülməsi, nə də İsrailə rəsmi səfər barədə onunla məsləhətləşməyib.

Prezident hesab edir ki, Rumıniya səfirliyinin Qüdsə köçürülməsi beynəlxalq hüququn pozulması deməkdir.