Ölkəmizin gündən-günə abadlaşan bölgələri, yurdumuzun əsrarəngiz təbiəti, qədim tarixi-mədəni irsə varisliyimiz, bir-birindən gözəl tarixi məkanlarımız, bir sözlə, gəzməli-görməli yerlərimiz dünyanın ayrı-ayrı televiziya və xəbər agentliklərinin diqqətini çəkməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə Türkiyənin “Kanal 7” televiziyası Türk Hava Yollarının maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qədim Şərqin elm, sənət və mədəniyyət mərkəzlərindən biri kimi böyük şöhrət qazanmış Nizami yurdunda televiziya çəkilişləri aparıb.

Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyindən başlayan çəkilişlər Gəncə İmamzadə Ziyarətgahında, dahi şair Nizami Gəncəvinin türbə kompleksində və böyük mütəfəkkirin adını daşıyan muzeydə davam etdirilib.

Gəncə ilə yaxından tanış olan türkiyəli qonaqlar şəhərin müasir, tarixi və görməli yerlərində çəkilişlər aparıblar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binalarda, İstiqlaliyyət muzeyində olublar.

Çəkiliş qrupu həmçinin şəhər sakinlərinin qonağı olub, Azərbaycan mətbəxinin ən dadlı xörəkləri olan şah plov, yarpaq dolması, badımcan dolması, düşbərə və dovğanın, eləcə də çay süfrələrimizin bəzəyi olan dadlı-ləzzətli Gəncə paxlavasının hazırlanma qaydası və sirlərini kameralarının yaddaşına köçürüblər.

Səfərin ikinci günü Hacıkəndə, Göygöldə və Maral göldə olan qonaqlar olan bu yerlərin gözəl və füsunkar təbiətini, mənzərələrini seyr edərək burada çəkilişlər həyata keçiriblər.

Daha sonra çəkilişlər Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalan şəhərində və qədim Şəkidə davam etdirilib.

Aprelin 24-də başlayan çəkilişlər artıq yekunlaşıb.

Qeyd edək ki, Türkiyənin Kanal 7 televiziyasının “Dünyayı geziyorum” proqramı üçün hazırlanan geniş reportaj mayın 20-də və 27-də Bakı vaxtı ilə saat 16:15-də efirə veriləcək.