Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib.

O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.

Bu gün iki güləşçimiz bürünc medal uğrunda tatamiyə çıxacaq. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov almaniyalı Denis Kudla, 77 kq çəkidə isə Elvin Mürsəliyev gürcü Tornike Camaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb.