Futbol üzrə Çempionlar Liqasında daha bir finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək həlledici qarşılaşmada İspaniya “Real Madrid”inə İngiltərənin “Liverpul” komandası rəqib olub.

“Qırmızılar” yarımfinalda İtaliya “Roma”sını iki oyunun yekununda üstələməyi bacarıblar. İngiltərə təmsilçisi ötən həftə doğma meydanda 5:2 hesabı ilə yendiyi “Roma”ya cavab görüşündə uduzub – 2:4. Bununla belə, “Liverpul” top fərqində üstün olduğu üçün mərhələ adlayıb.

Hesabı artıq 9-cu dəqiqədə “Liverpul”un hücumçusu Sadio Mane açıb. Bundan 6 dəqiqə sonra “Roma” Ceyms Milnerin avtoqolu sayəsində bərabərliyi təmin edib. Lakin 25-ci dəqiqədə Jorjinyo Veynaldum qonaqları yenidən hesabda önə çıxarıb. İtaliya təmsilçisi 52-ci dəqiqədə Edin Ceko ilə bərabərlik qolunu vurub. Bundan sonra Raca Nainqqolan 86-cı dəqiqədə komandasını hesabda önə çıxarıb. Uzatma dəqiqələrində isə o, penaltidən yekun nəticəni müəyyənləşdirib. 5-ci qolu vurmağa “Roma”nın bir qolu çatmayıb.

Beləliklə, “Liverpul” klubu 11 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, final matçı “Olimpiyski” stadionunda keçiriləcək.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

2 may

22:45. “Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) – 2:4

Qollar: Ceyms Milner, 15 (öz qapısına). Edin Ceko, 52 – Sadio Mane, 9. Jorjinyo Veynaldum, 26. Raca Nainqqolan, 86; 90+4 (penalti ilə)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:5.