Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Tunis 21 ildir Almaniyanın siyasi səbəblərə görə sığınacaq verdiyi keçmiş “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin mühafizəçisi 41 yaşlı Sami A. – nı geri istəyir. AzEuroNews.com xəbər verir ki, bu barədə Tunisin insan haqları naziri Mehdi Ben Xarbia açıqlama verib. O bildirib ki, Tunis tam demokratik, insan haqlarına sayqıl bir dövlətdir. Almaniya məhkəməsinin Sami A. haqqında qərarından danışan nazir bildirib ki, keçmiş mühafizəçinin ölkəsinə deportasiya edilməsi üçün heç bir əngəl yoxdur.

Tunisin insan haqları naziri Mehdi Ben Xarbia
Tunisin insan haqları naziri Mehdi Ben Xarbia

“Almaniya hökuməti bir neçə dəfə Saminin deportasiyası ilə bağlı sorğu göndərib. Biz həmin sorğulara cavab olaraq bildirmişik ki, Sami öz ölkəsinə qayıda bilər. Amma o, Almaniyada qalmaq üçün Tunisə gedəcəyi təqdirdə işgəncə görəcəyini deyərək sığınacaq alıb. Təbii ki, bu da yalandır”.

Məlumat üçün qeyd edək ki, keçmiş “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin mühafizəçisi sığınacaq aldığı Almaniyada 12 ildir sosial yardımla dolanır. AzEuroNews.com xəbər verir ki, bu barədə “Almaniya üçün Alternativ” (AfD) partiyası məlumat yayıb. Məlumatda deyilir ki, keçmiş “Əl-Qaidə” liderinin Tunisdən olan mühafizəçisi 1997-ci ildə Almaniyaya qaçaraq bu ölkədən sığınacaq istəyib. Onun ilk sığınacaq istəyi rədd edilib və ölkəsinə deportasiya edilməsi barədə qərar çıxarılıb. Lakin Almaniya məhkəməsi onun barəsində qərarı sonradan dəyişdirib. Məhkəmə onun ölkəsinə dönəcəyi təqdirdə işgəncəyə məruz qala biləcəyini əsas gətirərək ona Almaniyada yaşamaq icazəsinin verilməsi barədə miqrasiya idarəsinə müvafiq arayış göndərib.

AfD-nin yaydığı məlumtada deyilir ki, Üsamə Bin Ladenin mühafiəzçisi indiyə kimi təklif olunan bütün işlərdən imtina edərək 21 ildir ki, dövlətdən aldığı sosial yardımla yaşayır. O, ayda təxminən 1168 avro yardım alır.