Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Oyunların biri İspaniyada, digəri isə Avstriyada baş tutacaq.

“Atletiko Madrid” doğma azarkeşlər önündə İngiltərə “Arsenal”ı ilə üz-üzə gələcək. İki komanda arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Cavab oyunu London təmsilçisinin baş məşqçisi Arsen Venger üçün də əlamətdar olacaq. 69 yaşlı mütəxəssis UEFA-nın təşkil etdiyi turnirlərdə baş məşqçi kimi 250-ci matçına çıxacaq.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone isə texniki zonadan yer almayacaq. Səbəb argentinalı mütəxəssisin ilk görüşdə hakimin qərarına etiraz etdiyi üçün tribunaya göndərilməsidir. Komandaya meydanda tapşırıqları onun köməkçisi German Burqos çatdıracaq. İlk görüşdə qırmızı vərəqə almış Şime Vrsalko da bugünkü matçı buraxacaq.

“Atletiko”ya cavab görüşündə qolsuz heç-heçə də kifayət edəcək. Madridlilər Avropa Liqasında doğma meydanda keçirdiyi son 4 oyunda qələbə qazanıb.

Digər qarşılaşmada isə “Zaltsburq” Fransa “Marsel”ini qəbul edəcək. Fransadakı ilk oyunda “Marsel” rəqibini 2:0 hesabı ilə üstələyib. “Zaltsburq” Avropa Liqasında son 10 ev matçında məğlub olmayıb. Komanda, həmçinin, 38 oyundur doğma meydanda uduzmur.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

3 may

23:05. “Atletiko” (İspaniya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:1

Baş hakim: Canluka Rokki (İtaliya)

23:05. “Zaltsburq” (Avstriya) – “Marsel” (Fransa)

İlk oyun – 0:2

Baş hakim: Sergey Karasyov (Rusiya)